Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi

 

 

(Əvvəli 5 iyun sayımızda)

 

1995-ci il avqustun 18-də Heydər Əliyev Həzrət Məhəmməd Peyğəmbərin Mövlud günü münasibətilə Təzəpir məscidində dindarlarla görüşü zamanı demişdi: “Xoşbəxtliyimiz ondan ibarətdir ki, uzun illərin məhrumiyyətindən sonra biz dinimizə–İslam dininə sahib olmuşuq. İslam dini bütün qadağalardan, bütün məhrumiyyətlərdən qurtarıb Azərbaycan müsəlmanlarının hər biri üçün onun ürəyinin istədiyi kimi mənəviyyatını yaradan, mənəviyyatını quran bir mənbə olubdur. Bu böyük nailiyyətdir, böyük xoşbəxtlikdir. İndi artıq məscidlərin qapısı açıqdır. Günü-gündən yeni-yeni Allah evləri, məscidlər açılır. Xalqımız öz dininə qayıdır, dinini qüvvətləndirir, islam dininin xalqımız üçün qədər əhəmiyyətli olduğunu dərk edir. Bu, böyük nailiyyətdir. Ona görə mən bu gün Allaha itaət edərək, islam dinimizə itaət edərək Həzrət Məhəmməd Peyğəmbərin Mövlud günü məhz buraya, Allah evinə, məscidə gəlmişəm. Sizin hüzurunuza gəlmişəm ki, bu xoşbəxtliyimizi, bu nailiyyətimizi, bu bayramları sizinlə birlikdə qeyd edək”.

Heydər Əliyev dəqiq bilirdi ki, islama qayıdış, bu zəngin sivilizasiyanın yenidən dirçəlməsi üçün din ilə dövlət İslam ilə müasir demokratik qurumlar arasındakı münasibətlər sivil qaydada tənzimlənməlidir. Buna görə H.Əliyev hakimiyyətinin ilk günlərindən dövlət ilə din arasında səmimi ünsiyyət yaratmağa müvəffəq oldu. 1993-cü il sentyabrın 5-də Peyğəmbərin mövludu münasibəti ilə Təzəpir məscidindəki çıxışında diqqəti məhz bu məsələyə yönəltdi: “Biz bir dövlət kimi İslam dininin son dövrdə geniş çox surətlə inkişaf etməsini alqışlayırıq bundan sonra da Azərbaycan Respublikasında, müstəqil ölkəmizdə hər bir insanın öz dini adətlərinə xidmət onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq, biz islam dininin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlərin hamısını görəcəyik”. Heydər Əliyev çıxışında başqa bir məsələyə aydınlıq gətirir. İslama qarşı yönələn əsassız ittihamlardan biri onun fundamentalizmə meyillənməsi ilə bağlı irəli sürülən əsassız bir iddiadan ibarətdir. Bu iddianın qərəzli yanlış olduğunu İslamın öz mahiyyəti təsdiq edir. Heydər Əliyev çox aydın məntiqi dəlillərlə bu məsələni şərh etdi: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayırlar. Azərbaycan müstəqil, demokratik prinsiplərə söykənən bir dövlət kimi öz ərazisində yaşayan bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. Hər bir kəs hürdür, azaddır. Bizim Qurani-Kərim bunu göstərir biz bu yolla gedirik ki, İslam dini başqa dinlərə hüsn-rəğbətlə yanaşıb, başqa dinlərə mənsub adamlarla dostluq əlaqələri yaratmağa çalışıb”. H.Əliyev, eyni zamanda, dinlər arasında qarşılıqlı hörməti vacib sayır İslam dininə qarşı təcavüzün yolverilməz olduğunu da vurğulayır: “Biz öz dinimizi qoruyub saxlamaqla bizim dinimizə, əxlaqımıza, mənəviyyatımıza təcavüzlərin qarşısını almaqla yanaşı, heç bir başqa millətə, heç bir başqa dinə təcavüz etməyəcəyik. Hər bir millətə dinə hörmətlə yanaşmışıq. Bu, Allahın əmridir Ulu Peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın bizə tövsiyəsidir”.

Azərbaycan Respublikası tarix boyu dini dözümlülük ölkəsi olmuşdur. H.Əliyev bu məsələyə öz münasibətini bildirərkən belə demişdir: “Azərbaycanın ən mühüm xüsusiyyətlərindən biri burada çoxlu millətlərin yaşaması üç əsas konfessiyanın sərbəst fəaliyyət göstərməsi üçün normal şəraitin mövcud olmasıdır. Bütün dinlər insanları həmişə sağlam mənəviyyata, düz yola dəvət ediblər. Azərbaycanda əhalinin əksəriyyətini İslam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Azərbaycanda eyni zamanda, xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri yaşayırlar. Bu, əslində, Azərbaycanın reallığını, eyni zamanda Azərbaycan xalqının dini dözümlülüyünü göstərir”. H.Əliyev dinlər mədəniyyətlər arasında qarşılıqlı ehtiramın zəruriliyini söyləyir: “Hesab edirəm ki, insanlar hansı dinə, mədəniyyətə mənsubluğundan asılı olmayaraq bütün başqa dinlərə, mənəvi dəyərlərə hörmət etməlidir”. H.Əliyev Təzəpir məscidində çıxışında möminlərə xitabən bütün ilahi dinlərin birliyini belə ifadə etmişdir: “İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Cünki bu dinlərin hamısı Allahdan gəlir”.

H.Əliyev uzaqgörən bir siyasi xadim həm xalqın dini etiqadına hisslərinə hörmətlə yanaşan müdrik bir insan kimi Azərbaycanda dövlət-din münasibətlərini qarşılıqlı anlaşma, ümummilli mənafe, vətəndaş həmrəyliyi cəmiyyətin milli-mənəvi birliyi məcrasına yönəltdi. H.Əliyev deyirdi: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik. Din ilə dövlət arasında sıx əməkdaşlıq var hesab edirəm ki, Azərbaycanda İslam dini özünün gözəl mənəvi dəyərləri Azərbaycan vətəndaşlarına aşılayaraq, Azərbaycan vətəndaşlarını İslam dininin bu gözəl mənəvi dəyərləri əsasında tərbiyələndirərək Azərbaycan cəmiyyətini mənəviyyatca daha da yüksəldəcək insanlar bu demokratiyanı, bütün azadlıqları doğru-düzgün başa düşəcəklər”.

H.Əliyev insanların cəmiyyətin bütün problemlərin həlli üçün mənəviyyatı örnək kimi qəbul edirdi. O, islamı zəngin mötəbər mənəvi dəyərlər qaynağı olaraq cəmiyyətin ayrılmaz hissəsi hesab edirdi. Din bəşər, islam cəmiyyət ruhla bədən kimidir. H.Əliyev bu barədə deyirdi: “Biz Azərbaycanda demokratik, hüquqi dövlət qururuq. Biz bu yolu seçmişik bu yolla gedirik. Ancaq bununla bərabər bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün milli mentalitetimiz, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dinimizdən, dini adət-ənənələrimizdən ayrıla bilmərik imtina edə bilmərik. Bu baxımdan mən dinin inkişafını təmin etmək üçün lazımdır edirəm bundan sonra da edəcəyəm”.

H.Əliyev islamı dəyərlərin qorunub saxlanması təbliğində məscidlərin hansı gücə malik olduğunu yaxşı bilirdi. Ona görə sovet rejimi dövründə yerlə-yeksan edilmiş məşhur Bibiheybət məscidinin yenidən tikilib xalqın istifadəsinə verilməsi H.Əliyevin dinimizə, milli-mənəvi dəyərlərimizə böyük, daimi diqqət qayğısının daha bir nümunəsi idi.

1998-ci il iyulun 12-də Məhəmməd Peyğəmbərin müqəddəs mövludu günü əsaslı şəkildə yenidən tikilmiş Bibiheybət məscid-ziyarətgah kompleksinin rəsmi açılışında çıxış edərək H.Əliyev dedi: “Bu, böyük memarlıq abidəsidir, əzəmətli kompleksdir, gözəl tikilibdir. Deyəsən, Bibiheybət məscid-ziyarətgahı Təzəpir məscidini kölgədə qoyacaqdır. Şübhəsiz, zarafat edirəm”.

H.Əliyev İslam dininin təbliğində Şeyxülislam Hacı Allahşükür Paşazadənin xidmətlərinə xüsusi önəm verərək dedi: “Bizim doğma islam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi bu idarənin başçısı Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidməti vardır. Mən, bu fürsətdən istifadə edərək, respublikamızda islam dininin bütün tələblərinin yerinə yetirilməsi insanlara vicdan azadlığının verilməsi sahəsində əldə etdiyi nailiyyətlərə, Azərbaycanda xalqın, millətin birliyinin, həmrəyliyin möhkəmləndirilməsində, inkişaf etməsində göstərdiyi fəaliyyətə görə Qafqaz Müsəlmanları İdarəsinə hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadəyə hörmət ehtiramımı bildirirəm, ona ətrafında olan bütün din xadimlərinin hamısına təşəkkür edirəm”.

 

(Ardı var)

 

Anar İSGƏNDƏROV,

Tarix elmləri doktoru, professor

 

525-ci qəzet.- 2013.- 13 iyun.- S.6.